Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mardin °C

İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib

İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
REKLAM ALANI
29.05.2023
A+
A-

 

 

 

İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
28 may 2023,
İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

– Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.

 

 

 

Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax bu səviyyədədir. Dünən Kəlbəcər və Laçın rayonlarında yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərində iştirak etmişəm. Yəni, azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz – o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik.

Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi,- ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz,- eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin – yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq.

1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var. O vaxt Azərbaycan müstəqil ölkə kimi yaşasa da, ancaq müstəqil siyasət apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq şübhə altına qoymuşdu. Ölkədə həm iqtisadi böhran, siyasi böhran, hərbi böhran hökm sürürdü, hakimiyyət uğrunda mübarizə, demək olar ki, savaş gedirdi, vətəndaş müharibəsi alovlanırdı. Bütün bu işlərin səbəbkarı o vaxt Xalq Cəbhəsi-Müsavat cütlüyünün mənfur fəaliyyəti idi.

Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək. Məhz onun Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından – o, prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. O vaxt isə vəziyyət tam fərqli idi. Laçın, Kəlbəcər və Şuşa işğal olunandan sonra təbii ki, erməni silahlı qüvvələri böyük strateji – hərbi üstünlük əldə etmişlər və digər torpaqlarımızı da işğal edə bilmişlər.

Siz yaxşı bilirsiniz, mən uzun illər ərzində çalışırdım ki, biz bu işğala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir. Ancaq siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, bəli, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik. Danışıqlar yolu ilə olsaydı, daha yaxşı olardı, ancaq mən deyirdim ki, biz hər varianta hazır olmalıyıq və azadlıq gününü hər birimiz yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq. Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.

Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır.

İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda, demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, – əslində, bu, ayı xidməti idi, – ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.

Yəni, bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır.

İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.

Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar.

İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, – halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, – göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.

Onu da bildirməliyəm ki, Laçın rayonunda, eyni zamanda, Kəlbəcər rayonunda ermənilər qanunsuz məskunlaşma aparırdılar. Bu, beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Ancaq onların hansı vəziyyətdə yaşamalarını mən buraya sentyabr ayında gələndə gördüm. Onların özləri üçün qurduqları şəraiti mən heç nə ilə müqayisə edə bilmirəm. Çünki insan o şəraitdə necə yaşayıb, onu yəqin ki, ancaq özləri bilə bilər.

Biz Laçına qayıdandan dərhal sonra artıq quruculuq işlərinə start verdik. Mən sentyabr ayında gəldim, sentyabrın sonundan biz artıq işlərə başlamışıq.

Siz yaxşı bilirsiniz ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdam rayonunun böyük hissəsi hələ də işğal altında idi. Müharibə zamanı dəfələrlə deyirdim ki, Ermənistan rəhbərliyi mənə tarix verməlidir, bizim torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxaracaq, ancaq o təqdirdə biz müharibəni dayandıra bilərik. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Mən isə razılaşdım, çünki 20 gün o qədər də böyük fərq deyil. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.

Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. “Beş rayon bizə qaytarılsın, iki rayon qalsın əbədi ermənilərin nəzarəti altında” – bu, mümkün deyil. Biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik. Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.

İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər.

Bir müddət bundan əvvəl bizim iki hərbçimiz yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. Bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, – çünki bu ehtimal çox böyükdür, xüsusilə qış aylarında, siz özünüz bilirsiniz ki, burada iqlim çox sərtdir, dağlardır, dərələrdir, yolu azmaq olar, – əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb? Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə mən bildirdim ki, bu, dözülməzdir. Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz. Dərhal bizim hərbçilərimizi qaytarın. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər. Nə məhkəmə olub, nə vəkil olub, nə hakim olub, nə də media nümayəndələri. Belə məhkəmə olar? Bu, qanunsuzluqdur. Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim.

Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar.

Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.

Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

x x x

Sonra dövlətimizin başçısı Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim etdi.

Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sakin Elbrus Sadıqov: Cənab Prezident, xoş gördük. Mən çoxdan arzulayırdım ki, Sizi qucaqlayım öpüm. Şükür Allaha arzuma çatdım. Çox sevinirəm. Allah Sizin canınızı sağ eləsin. Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin İsaq Musayev: Cənab Prezident, mən də Sizə həm “Çox sağ olun!” deyirəm, həm də Sizi təbrik edirəm. Sizə cansağlığı, hərbçilərimizə uzun ömür, sağlamlıq, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, əlillərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun ki, bu günü bizə nəsib etdiniz.

 

 

 

Prezident İlham Əliyev: Sağ olun.

Elbrus Sadıqov: Cənab Prezident, 31 illik işğaldan sonra Sizi cənnətə çevirdiyiniz Laçın şəhərində salamlayır və “Xoş gəldiniz!” deyirəm. Biz 31 il bu həsrətlə yaşamışıq. Şükürlər olsun Allaha, qayıtmışıq torpağımıza. Axşam mən gələndə qürur hissi duydum, Laçının belə gözəlləşməsi, tez bir zamanda quruculuq işləri, abadlıq işləri Sizin sayənizdə görülübdür və biz çox qürur hissi keçiririk. Siz bizim torpağımızı qaytarmısınız, Siz bizə həyat bəxş etmisiniz. Mən bir ağsaqqal kimi Laçın ağsaqqalları və bütün laçınlılar adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Cənab Prezident, 44 günlük müharibə vaxtı biz Sizin bütün çıxışlarınızı, məlumatlarınızı izləyirdik. Şəhidlər verdik. Allah onlara rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.

Elbrus Sadıqov: Allah qazilərimizə cansağlığı versin, xoşbəxtlik versin. Qısa zamanda torpaqlarımızı azad etdiniz, 50 milyonluq Azərbaycan xalqının başını uca etdiniz. Allah Sizə yar olsun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bu gün bizim üç gözəl bayramımız var – Müstəqillik Günümüz, bizim Laçına qayıdış günümüz və Türkiyədə prezident seçkiləri günü. Allaha dua edirik ki, bu gün bizim dostumuz, qardaşımız, arxamız, dayağımız olan hamımızın sevimlisini prezident görək. Allah ona da cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Elbrus Sadıqov: Səbirsizliklə gözləyirik ki, bir yaxşı xəbər eşidək. İnşallah, eşidərik. Bir arzum da var idi. Şükür Allaha ki, onu da görmək nəsib oldu. Mən həmişə televiziyada Sizi izləyirdim. Müharibə başa çatanda Sizi televiziyadan öpdüm, minnətdarlığımı bildirdim. Allah Sizi başımızın üstündən əskik etməsin. Bu gün arzuma çatdım, mənim ən böyük arzum yerinə yetdi. Qayıtmışıq, həm sevinir, həm kədərlənirik. Əzizlərimizdən dünyadan köçənlər var, Sizin sayənizdə ruhları şad olacaq. Allah Sizi qorusun. Allah Sizi daim bizim Prezidentimiz eləsin. Arzu edirəm ki, siz 100 yaşınızı, bax, burada qeyd edəsiniz.

Sakin Əjdər Əhmədov: Cənab Prezident, Sizi doğma yurdumuzda, torpağımızda xoş gördük. Mən Sizi, Mehriban xanım Əliyevanı 28 May bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim yaşlı nəsil, şəxsən mənim atam, anam bu gün burada iştirak edə bilmir. Bu gün burada olduğuma görə həm sevincliyəm, həm də kədərliyəm. Onlar burada iştirak etməsələr belə, biz bir övlad kimi, Laçınımızdayıq və Sizə bildirmək istəyirəm ki, bu gündən etibarən biz doğma yurdumuzda yaşayacağıq, yaradacağıq. Laçınımızın gözəlləşməsi üçün əlimizdən gələni edəcəyik. Cənab Prezident, bu günü bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizdən razı olsun.

 

 

 

 

Prezident İlham Əliyev: Sağ olun.

Sakin Qadir Vəliyev: Hörmətli Prezident, cənab Ali Baş Komandan, Siz bizə 44 günlük müharibədə Zəfər yaşatdınız. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Sizin müdrik siyasətiniz nəticəsində biz laçınlıların 31 illik həsrətinə son qoyuldu. Sizi və ailə üzvlərinizi bu münasibətlə bütün laçınlılar adından təbrik edirəm. Sizə uzun ömür və cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun, bir daha bayramınız mübarək olsun.

x x x

Sonra xatirə şəkilləri çəkdirildi.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/60027

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.